AZE | RUS | ENG |


Bakı Uşaq Teatrı yeni mövsümü Qusarda açdı

Bakı Uşaq Teatrı yeni mövsümü Qusarda açdı
Teatrın nə olduğunu bilməyən şagirdlər unudulmaz gün yaşadılar

Sentyabrın 26-sı, sərin bir payız günündə Bakı Uşaq Teatrı ilə birlikdə böyük bir komandayla Qusara - Şahdağ Turizm Mərkəzinə yol aldıq. Artıq 3 ildir ki, eyni tarixdə mövsüm açılışını edən teatrın yaradıcı heyəti böyük coşqu ilə uzaq yolu yaxın edib, Qusardakı azyaşlı uşaqların görüşünə getdi. Ölkənin qabaqcıl televiziya və mətbuat nümayəndələrinin müşayiəti ilə turizm kompleksinin stamaşa salonunda qərar tutduq. Qısa bir zaman çərçivəsində səhnə tərtibatı və səs effektləri hazırlandı. Qusarda indiyə qədər heç bir tamaşa və şou proqramı canlı izləmə şansı əldə etməyən azyaşlılar üçün bu görüş böyük bir sürpriz idi.
 
Səyyar truppa
 
Səhnədə avadanlıqların quraşdırılması prosesi gedərkən kulisdə nələr yaşandı nələr... Hər geyimdən bir neçəsini ehtiyat üçün gətirən teatrın mətbuat xidməti və eləcə də, truppa rəhbəri geyimləri aktyorlara təqdim etdilər. Artıq neçə ildir ki, qarderob və geyim otağı olmayan bu teatrın yaradıcı heyəti səhnə paltarlarını ayaqüstdə dəyişməyə alışıb. Bu dəfə də onlar kulisdə rahat şəkildə əyinlərini dəyişib, ayaqüstə saçlarını qaydaya salıb, aksesuarlarını taxdılar. Geyimləri hazır olan aktyor heyəti daha sonra əllərinə fırça alıb bir-birlərini qrim etdilər. Bir neçə dəqiqədən sonra onlar səhnəyə çıxmağa tam hazır idilər.
Hərdən Bakı Uşaq Teatrının əməkdaşlarını səyyar truppa adlandırıram. Artıq uzun müddətdir ki, şəraitsiz bir vəziyyətdə maraqlı tamaşalar hazırlayan yaradıcı heyət hər mövsüm açılış etmək üçün öz səhnəsindən deyil, müxtəlif teatrların səhnələrindən istifadə edir, müxtəlif bölgələri gəzərək açılışı məhz həmin məkanın səhnəsində etmək  məcburiyyətində qalır. Onların çəkdikləri əziyyəti gördükdə bir daha əmin oluruq ki, bu gün Bakı Uşaq Teatrını yaşatmaq, öz ayaqları üstə dayanmasını təmin etmək üçün bu insanlar nəinki əllərindən gələni edir, onun üçün hər bir çətinliyə qatlaşırlar. Düşüncələrimi bir kənara qoyub qayıdaq səhnəyə... 
 
Uşaqların sevimli tamaşasına çevrilən "Pəltək cücə” 
 
İlk olaraq səhnəyə aparıcı çıxdı. Teatrın istedadlı aktyoru Niyaz Qasımov uşaqlara teatrın anlamı və onları həmin gün hansı sürprizlərin gözləyəcəyi ilə bağlı məlumatlar verdi.  Teatrın rəhbəri İntiqam Soltan da səhnəyə çıxıb Bakı Uşaq Teatrı haqqında şagirdləri və tədbir iştirakçılarını xəbərdar etdi. Uşaqların gözlərindəki o sevinc hisslərini uzaqdan da sezmək mümkün idi. Onlar teatrın, tamaşanın nə olduğundan xəbərsiz idilər. Sevinc hissləri gözlərindən duyulurdu. Nəinki uşaqlar, Turizm kompleksinin işçiləri, məktəbin müəllimləri, valideynlər də maraqla səhnəni və teatrın yaradıcı heyətinin çıxışlarını izləyirdi. Və nəhayət, hamının bayaqdan gözlədikləri o həyəcan dolu anlar gəldi,  artıq 10 ildir ki, həyatının ən gözəl illərini Bakı Uşaq Teatrının səhnəsinə həsr edən istedadlı aktrisa, peşəkar rejissor İlhamə Əhmədovanın quruluş verdiyi "Pəltək cücə” tamaşası başlandı. Qeyd edim ki, tamaşanın rejissor köməkçisi Niyaz Qasımov, musiqi tərtibatçısı Mahir İbrahimli, xoreoqrafı Könül Şahbazova, mahnı mətnlərinin müəllifi isə Rafael Muradxanlıdır.
  
İbrətamiz və tərbiyəvi əhəmiyyətə malik tamaşa
 
Uşaqlar üçün nəzərdə tutulmuş bu tamaşa ibrətamiz və tərbiyəvi bir mövzuya həsr olunmuşdu. Belə ki, ailədə olan 7 cücədən birinin dilində qüsur var. Digər bacı-qardaşları qüsurlu cücəyə gülürlər. Vəziyyəti görən ana toyuq pəltək cücəni həkim tülkünün yanına aparmaq qərarına gəlir. Tülkü müalicə adı ilə cücəni xəstəxanada saxlayır və  ailənin başını aldadıb bütünlüklə ailədəki bütün cücələri yemək istəyir.  Ancaq ailənin başçısı və ağıllı cücə bundan şübhələnir. Tamaşanın sonunda isə və bacı-qardaşların birliyi və bir-birlərinə olan dəstəkləri sayəsində pəltək cücəni tülkünün əlindən xilas edirlər. Bacı-qardaşlar söz verirlər ki, bir də bacılarına lağ etməyəcəklər.
Bu gün nədənsə bəzi valideynlər övladlarına belə məsləhətlər verməkdən uzaqdırlar. Onlar nəinki uşaqlara fiziki qüsurlu insanlara gülməyin düzgün olmadığını təlqin etmir, bəzən özləri uşaqlarının yanında həmin insanlara ikrah dolu və yazıq kimi baxırlar. Belə olan halda uşaq valideyndən nə ibrət götürəcək deyə, düşünməyə bilmirik. Tamaşanın məğzi də uşaqların dilində, onların anlaya biləcəyi şəkildə belə halların heç də yaxşı olmadığını, əksinə həmin insanlara kömək etməyin lazımlığını göstərməkdir.
 
"Qar kraliçası” qışdan xəbər verdi
 
Uşaqlar səhnədə biri-birindən maraqlı obrazları, baş verən hadisələri ilə böyük maraq doğuran "Pəltək cücə”nin bitməsini istəmirdilər. Əslində uzun-uzadı, mənasız monoloqların olmadığı, qısa olduğu qədər də maraqlı şəkildə hazırlanan tamaşa uşaqların sevincinə səbəb oldu, izləyicilər tərəfindən böyük maraqla qarşılandı. Alqış sədaları ilə cücələri səhnədən göndərən uşaqların görüşünə ondan sonra illüzionist Tofiq İsgəndərlinin maraqlı şou proqramları rəng qatdı. Uşaqların özlərinin də iştirak etdiyi bu proqramda onlar əylənərək sehr ustasının bəxş etdiyi bu aləmin qonağı oldular. 
Şahdağ Turizm Mərkəzi şüurumuza qış əyləncə-istirahət məkanı kimi həkk olunub. Ona görə də eelə gündə uşaqların görüşünə Qar kraliçasının gəlməsi heç də təsadüfi deyildi. İndi deyəcəksiniz payızın oğlan çağında nə qar,  nə kraliça? Qar kraliçası bu bölgəyə qarşıdan şaxtalı qışın gələcəyini və insanların cənnət məkan olan Qusara üz tutacağını onlara qabaqcadan xəbər verdi. Eyni zamanda, uşaqlarla bərabər qarın xeyrindən danışaraq onlarla məsləhət xarakteri oyunlar oynadı.
Uşaqlara hədiyyələr, kitab və dərs ləvazimatları təqdim olundu. Uşaqları daha da şənləndirmək üçün teatrın yaradıcı heyəti milli və xarici rəqslərlə onların əyləncəsinə əyləncə qatdı.  Məktəb şagirdləri rəqqaslara qoşularaq onlarla əylənməyə davam etdilər. Daha sonra şagirdlər səhnədə bu bölgənin özünə xas rəqslərini aktyorlarla birgə oynadılar.  Onu da deyim ki, tamaşaçı qismində iştirak edən şagirdlər də gözəl rəqs etmə bacarığına malik idilər. 
Bakı Uşaq Teatrının mövsüm açılışının sonunda azyaşlı tamaşaçılara Şahdağ Turizm Mərkəzinin və Bakı Uşaq Teatrının hazırladığı müxtəlif hədiyyələr, kitab və dərs ləvazimatları təqdim olundu. Maraqlı gün keçirib, əyləncəli tamaşaları izləyən uşaqların sevincinə hədiyyələr ikiqat sevinc qatdı. Sonda uşaqlar tamaşanın rejissoru və aparıcı ilə xatirə şəkli çəkdirdilər.  Məktəbin müəllimi Bakı Uşaq Teatrının yaradıcı heyətinə təşəkkür edərək bu günü şagirdlərin heç zaman unutmayacaqlarını və teatra olan sevginin məhz bu gündən onlarda yarandığını bildirdi. 
Konsert proqramı başa çatsa da, uşaqlar yenidən öz yerlərində əyləşib konsertin davam etməsini gözləsələr də artıq proqram bitmişdi. Uşaqlarla görüşdükdən sonra teatrın yaradıcı kollektivi mövsüm açılışının ənənəvi qaydası olan tort kəsimi  ilə görüşümüzü sonlandırdı. "Pəltək cücə” tamaşası ilə mövsümə yekun vuran teatrın komandası elə həmin tamaşa ilə yeni bir mövsümü açıq elan etdi. Bu mövsümdə onlar öz tamaşaçılarına nələr vəd edib, nələr göstərəcək onu isə zaman  göstərəcək. Bizə isə Bakı Uşaq Teatrının yaradıcı heyətinə bu mövsümdə uğurlar arzulamaq qalır. 
 
Xəyalə Rəis
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6539
GBP 1 İngilis funt sterlinqi 2.2653
TRY 1 Türk lirəsi 0.4424
KWD 1 Küveyt dinarı 5.6250
SEK 1 İsveç kronu 0.2020
EUR 1 Avro 1.9983
CHF 1 İsveçrə frankı 1.7166
USD 1 ABŞ dolları 1.7001